De Burun sarayı Bakıda, Filarmoniya bağının qarşısında, Niyazi küçəsi 9-da yerləşir. Saray XIX əsrdə alman memarı Nikolay fon der Nonnenin layihəsi əsasında inşa edilib.

Saray latış əsilli Bakı milyonçusu Lev de Burun (1840–1889) adını daşısa da, o, heç vaxt sarayda yaşamayıb. 1888-ci ildə neft maqnatı və “Kaspi Tərəfdaşlığı” Səhmdar Cəmiyyətinin əsasını qoymuş milyonçu ailəsi üçün ikimərtəbəli daş saray inşa etdirmək qərarına gəlir. Sarayın planının təsdiq edilməsi üçün Bakı Şəhər Şurasına müraciət edir və 1888-ci ildə milyonçu Tağıyevin köməyi ilə Sadovaya küçəsində (indiki Niyazi küçəsi) torpaq sahəsi alır. Tezliklə inşaat işlərinə başlanılır. Lakin binanın inşası tamamlanmamış, 1889-cu ildə de Bur dünyasını dəyişir.

Milyonçunun varisləri 1891-ci ildə binanı “Kaspi Tərəfdaşlığı”na satırlar. Beləliklə, bina cəmiyyətin mülkiyyətinə keçir və onun sədri P.O.Qukasov tikilidən yaşayış binası kimi də istifadə etmək qərarına gəlir. Buna görə də memarlar binanın ilkin planında bəzi dəyişikliklər edirlər. Binanın əsas fasadında eyvanla birlikdə iki çıxış qapısı inşa edilir. Eyvanlar Sadovaya küçəsinə baxır və onlardan Mixaylovskiy bağına (indiki Filarmoniya bağı) mənzərə açılır. [Шамиль Фатуллаев. Градостроительство Баку XIX-начала XX веков. Ленинград-1978] [https://azerhistory.com/?p=5060]

Binanın inşası 1895-ci ildə başa çatmışdır. Tikilinin fasadında “KT” abreviaturası yer alsa da, sonrakı dövrdə bu yazı təmir zamanı məhv edilmişdir. 1898-ci ildə isə rus sahibkarı P.O.Qukasov ailəsi ilə birgə bu saraya köçür. Həmin illərdə sarayda yanğının baş verdiyi də bildirilir. Hətta yanğından sonra şəhərdə sarayın kabusları haqda əfsanə yayılır.

1918-ci ildə mülkiyyət Sentrokaspi Diktaturasının əlinə keçir. İngilis ordusu Bakı şəhərinə daxil olanda onların qərargahı bu sarayda yerləşdirilir. Lakin Qukasovlar ailəsi də sarayda yaşamağa davam edir.

Qırmızı ordunun Bakıya girməsindən sonra Xalq Komissarları Şurası de Burun sarayında yerləşdirildi. Sarayın ikinci mərtəbəsində isə Nəriman Nərimanovun ailəsi yaşamağa başladı.

1933-cü ildən sarayda Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi Mircəfər Bağırovun ailəsi məskunlaşır. 1951-ci ildə Bağırov sarayı İncəsənət Muzeyinə bağışlayır. Bu günə kimi saray Azərbaycan Milli İncəsənət Muzeyinin I korpusu kimi fəaliyyət göstərir. [Здание “Каспийского товарищества” – Совнарком – Музей изобразительных искусств (Баку) — OurBaku]