“Kuir İncəsənət Festivalı Bakı” “Heç Kəsi Arxada Qoyma” adlı yerli kinofestivalda iştirak etmək üçün ikinci qrupa açıq çağırış elan edir. Bu haqda BakuPlus.az bu gün, 15 iyun tarixində xəbər verir.

Bu elanın festivalın ilkin mərhələsinin davamı olmadığı bildirilir. Eyni seminarlar yeni qrupa keçiriləcək.

Proqrama 2-24 iyul 2022-ci il tarixləri arasında Bakıda keçiriləcək layihəyə uyğun dizayn olunmuş ödənişsiz seminarlar daxildir.

Müraciət üçün son tarix iyun ayının 25-dir.

Gender əsaslı ayrı-seçkilik və sosial bərabərsizliyə qarşı problemləri və həll yollarını müzakirə etmək məqsədli dizayn olunan seminarlar həftə sonları saat 11:00-dan 17:00-dək “Baku Community Space”-də təşkil olunacaq.

Layihə müddətində iştirakçılar:

  • BMT-nin Davamlı İnkişaf Məqsədləri, xüsusilə HKAQ agendası və həmin agendanın yerli kontekstdəki şəhərsalma və icmalar üzərində təzahürünü araşdıracaq;
  • Problemlərin müəyyən edilməsi, Konsepsiya və İdeyanın yaradılması və İdeya İnkişafı;
  • Ssenari yazısı, çəkiliş və montaj təlimlərində iştirak edəcək.

Seminarları başa vurduqdan sonra hər bir iştirakçının “HKAQ” agendası fokuslu və əsas süjet xətti şəhər quruculuğunda gender inklüzivliyi məsələlərinə toxunacaq hər biri 3 dəqiqə olmaqla 2 qısametrajlı film hazırlaması gözlənilir.

Proqram zamanı və proqramdan sonra iştirakçılar filmin çəkiliş prosesi ilə bağlı peşəkarlardan dəstək alacaq və lazımi vəsaitlərlə təmin olunacaqlar.

Qeydiyyatdan keçmək mütləqdir.