TARİXİ XƏBƏRLƏR

Bakıda ilk heykəlli fəvvarə olan Bəhram Gur

Foto BakuPlus.az

Bəhram Gurun heykəli Bakı şəhərində, Azneft meydanında, funikulyorun qarşısında yerləşir. Bu heykəlin maketi 1959-cu ildə üç heykəltaraş – Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov tərəfindən hazırlanmışdır. Abidə Bakıda ilk heykəlli fəvvarə hesab olunur.

Bu heykəlli fəvvarə Azərbaycanın əməkdar rəssamı Qorxmaz Sücəddinovun ilk peşəkar işlərindən biri olmaqla yanaşı, Azərbaycanda ədəbi qəhrəmana ucaldılmış ilk heykəltaraşlıq abidəsidir.

1959-cu ildə Əliş Ləmbəranski Bakı Xalq Deputatları Sovetinin şəhər icraiyyə komitəsinin sədri təyin edildi və şəhərin abadlaşdırılması işlərinə başladı. O, şəhəri gözəlləşdirmək üçün rəssam və heykəltaraşlardan yeni layihələr və təkliflər gözləyirdi. Bu zaman üç gənc heykəltaraş öz təkliflərini irəli sürdü. Albert Mustafayevin kurs işi olan əsərin – Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının qəhrəmanı Bəhram Gurun heykəlinin maketini hazırlayaraq Əliş Ləmbəranskiyə təqdim etdilər. İşi bəyənən Ləmbəranski abidənin yerini – Azneft meydanını müəyyənləşdirdi. [https://azerhistory.com/?p=11717]

Hündürlüyü 3,5 metr olan heykəl tuncdan hazırlandı. Heykəlin ətrafında dairəvi hovuz quraşdırıldı. İlk heykəl-fəvvarənin memarı rus əsilli Vladimir Şulqin oldu. 1960-cı ildə heykəlin açılış mərasimi keçirildi. [Zöhrə Fərəcova. Üçlüyün şah əsəri. Azərbaycan.- 2019.- 21 aprel.- S.5.]

Abidədə Sasanilərin beşinci hökmdarı Bəhram Gurun ayağının ətrafına sarılan ilanabənzər əjdahanı qılıncla öldürməsi təsvir olunmuşdur. Onun cəsurluğu və ədalətliliyi haqqında bir çox əfsanələr günümüzə qədər gəlib çatmışdır. XII əsrdə Azərbaycan şairi Nizami Gəncəvi Bəhram Guru öz “Yeddi gözəl”, həmçinin “Bəhramnamə” kimi də məşhur olan poemasının baş qəhrəmanı etmişdir. [Дашков С.Б. Цари царей – Сасаниды. История Ирана III – VII вв. в легендах, исторических хрониках и современных исследованиях. Москва-2008]

Hekayəyə əsasən, gur və şir ovundan sonra Bəhram şah bir gün mağarada əjdahaya rast gəlir. Böyük canlıdan çəkinməyən şah qəhrəmanlıqla döyüşə atılır, əjdahanı məğlub edir və onun mühafizə etdiyi böyük xəzinəni ələ keçirir. Bəhram Gurun öldürdüyü əjdaha simvolik məna daşıyır. Bu, Bəhram şahın bütün əsər boyu məğlub etməyə çalışdığı daxilindəki kindir. “Bəhram Gur” heykəlində müəlliflər, əsasən, mübarizliyi, yenilməzliyi, xeyirin şər üzərində qələbəsini əks etdiriblər. [Zöhrə Fərəcova. Üçlüyün şah əsəri. Azərbaycan.- 2019.- 21 aprel.- S.5.]

Bəhram Gurun heykəli 2007-ci ildə bərpa olunmuşdur.

Bakıda ilk heykəlli fəvvarə olan Bəhram Gur

Foto BakuPlus.az
Foto BakuPlus.az
Foto BakuPlus.az
Foto BakuPlus.az Foto BakuPlus.az Foto BakuPlus.az
Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR