Xosrov Hacı Məcid oğlu İmaməliyev 2 aprel 1870-ci ildə Buzovnada, tacir ailəsində anadan olub. O, “Məşədi Azər”, “Azər Buzovnalı” təxəllüsləri ilə tanınıb.
İmaməliyev ilk təhsilini Buzovnadakı mollaxanada alıb. O, 15 yaşında ikən şeirlər yazmağa başlayıb və ədəbi dairələrin diqqətini cəlb edib. Şərq ədəbiyyatının bilicisi olan şair, həmçinin fars, özbək dillərində şeirlər yazıb. Tədqiqatçı Ağarəfi Zeynalov qeyd edir ki, şair azəri türkcəsindəki qəzəllərində “Azər”, farsca qəzəllərində “Rüfət”, satiralarında “Azər-Əyyar”, mərsiyələrində isə “Xosrov” təxəllüsləri ilə çıxış edib. [Məşədi Azər. “Seçilmiş əsərləri”. Bakı-1996]
İlk dəfə Azər Buzovnalını ədəbi aləmə tanıdan məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olub. Məhz onun göstərişi və maddi köməyi ilə Məmməd Əmin Rəsulzadə “Açıq söz” qəzetinin mətbəəsində şairin “Həmvətənlərimə” adlı 800 beytlik poemasını nəşr etdirib. Bakı şairlərini bir araya gətirən “Məcməüş-şüəra”da tez-tez çıxış edən Buzovnalı sonralar onun rəhbəri də olub, bu müddət ərzində bir çox gənc şairin yetişməsində böyük rol oynayıb. [Kənan Hacı. Məşədi Azər təzkirəsi. Bakı-2019]
Məşədi Azər “Oğuznamə”, “Çingiznamə”, “Bakı xanı Dərya xanın Bikə xanım ilə olan əhvalatı” kimi poemaların müəllifidir. O, Firdovsinin “Rüstəm və Söhrab” dastanını tərcümə edib.
Məşədi Azər bir çox tanınmış şairlərlə dost olub. Onun Buzovnadakı evi şair dostlarının bir növ yaradıcılıq məclisinə çevrilmişdi. Qəzəl ustadlarından Ağadadaş Müniri, Mirzə Əbdülxalıq Cənnəti, Haşım bəy Sağib, Seyid Zərgər, Əbdülxalıq Yusif, Həsən Səyyar və Əliağa Vahid bu məclisə yığışıb yeni qəzəllərini oxuyardı. Əliağa Vahid həmişə söhbət əsnasında Azəri özünün böyük müəllimi adlandırardı. “Vahid” təxəllüsünü də Əliağaya məhz Məşədi Azər vermişdi.
O, Cəlil Məmmədquluzadənin 50 illiyinə hədiyyə olaraq Füzulinin “Səhhət və mərəz” əsərini rüqə (klassik xətt növü) ilə yazıb hədiyyə etmişdi. Mirzə Cəlil hədiyyəni arxivində qoruyub saxlamışdır. Deyilənə görə, o, şaxtalı qış günlərində qızınmaq üçün öz əlyazmalarını sobaya atıb yandırsa da, Azərin əlyazmasına toxunmamışdı. Hal-hazırda həmin əlyazma Cəlil Məmmədquluzadənin əlyazmalarıyla birgə Əlyazmalar İnstitutunun fondunda mühafizə olunur. [Kənan Hacı. Məşədi Azərin tənhalığı. Ədəbiyyat qəzeti.- 2017.- 30 dekabr.- S.8-9.]
Məşədi Azər 8 avqust 1951-ci ildə 81 yaşında vəfat edib və Buzovnada dəfn olunub.