TARİXİ XƏBƏRLƏR

Pənahəli xan Cavanşirin qəbirüstü abidəsi bərpadan sonra ilk dəfə ictimaiyyətə təqdim olunub

Foto AMEA-nın rəsmi saytı

Qarabağ xanlığının və Şuşa şəhərinin banisi Pənahəli xan Cavanşirin (1693-1763) qəbirüstü abidəsi bərpa olunduqdan sonra Milli Azərbaycan Tarixi Muzeyində geniş ictimaiyyətə təqdim olunub. Bu haqda AMEA-nın mətbuat xidməti 20 iyun tarixində məlumat verib.

Həmçinin, ilk dəfə olaraq, üzərində Qarabağda zərb edilməsi barədə yazı olan XIV əsrin gümüş pulu, Qarabağ xanlığının “panabadi” pulları, Şuşa qala qapılarının iki gümüş açarı, İbrahimxəlil xanın (1763-1806) hakimiyyət rəmzi olan şeşpəri, nadir sənəd, foto və rəsmlər, musiqi alətləri, şair Molla Pənah Vaqifin məqbərəsi inşa edilən zaman tikinti yerində aşkarlanan gil qab və başqa dəyərli eksponatlar da nümayiş olunub.

Sərginin kuratoru, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov qeyd edib ki, qəbirdaşı muzeyin bərpa laboratoriyasında müasir vasitə və üsullarla təmizlənib. Daşda olan orijinal yazı və naxışlar, onlara xələl gətirilmədən ilkin görünüşə gətirilib, onun zədələnmiş hissələri bərpa edilib. Muzeyin daimi sərgisinin birinci mərtəbəsində məzar daşının nümayişi üçün zal ayrılaraq, İmarət qəbiristanlığında yerləşən türbənin maketi hazırlanaraq qəbirüstü abidə qoyulub. Burada məzar daşının kitabələri və türbənin tarixi haqqında məlumatların yer aldığı məlumat lövhələri, rəssam Əjdər Qafarovun “Pənahəli xan Cavanşir” rəsm əsəri da təqdim olunub.

Pənahəli xan Ağdamdakı İmarət qəbiristanlığında dəfn edilib, məzarı üzərində türbə tikilib. 1974-cü ildə Xan türbəsinin qəbirüstü abidəsi Bakıya gətirilərək Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.

Foto AMEA-nın rəsmi saytı
Foto AMEA-nın rəsmi saytı
Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR