TARİXİ XƏBƏRLƏR

Murtuza Muxtarovun sevgi hekayəsi: Səadət sarayı

Foto BakuPlus.az

Səadət Sarayı Bakıda, Murtuza Muxtarov küçəsi, 6-da yerləşir. Bu bina Muxtarovun sarayı kimi də tanınır. Sarayı Bakı milyonçusu Murtuza Muxtarov öz həyat yoldaşı Liza Tuqanovanın şərəfinə 1912-ci ildə inşa etdirib. [Şamil Fətullayev-Fiqarov. Bakı memarları XIX əsrin sonu – XX əsrin əvvəlində. Bakı-2013]

Sarayın tikilməsi haqqında bir hekayə var. Avropaya səyahət edən milyonçu və xanımı İtaliyanın Florensiya şəhərində də olur. O zaman Liza xanım italyan binalarından birinin arxitekturasını bəyənir və bunu həyat yoldaşına bildirir.

Bakıya qayıtdıqdan sonra milyonçu burada oxşar bina tikdirmək qərarı alır. O, Polşa memarı İosif Ploşkonu xüsusi olaraq Moskvadan Bakıya dəvət etmiş və sonra da İtaliyaya göndərmişdi ki, oranın arxitekturası ilə yaxından tanış olsun. Ploşko Muxtarov üçün layihə tərtib edərkən düşünürdü ki, o, Şərq üslubunda olacaq. Lakin “İsmailiyyə” binası xoşuna gəldiyinə görə, Murtuza Muxtarov qotika üslubunda saray tikdirməyi qərara alır. Beləliklə, saray cəmi bir ilə (1911-1912) keçmiş Persidski küçəsində tikilir.

Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Xanım bu binanın ona bağışlandığını eşidəndə sevincinin həddi-hüdudu olmur. Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər yaşayır. Lizanın övladı olmasa da, o, burada valideynsiz qızlar üçün pansion açır, onların qayğısına qalır. [Səadətin ünvanı – Səadət sarayı. Mədəniyyət.- 2009.- 26 avqust.- S. 16.]

1920-ci ildə, Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Muxtarovun evinə gələrək ondan binanı tərk etməyi, sovet hakimiyyətinə tabe olmağı tələb edirlər. Muxtarov bunu özünə təhqir hesab edərək tüfəngini götürür, əvvəlcə bolşevikləri, sonra isə özünü öldürür. Bakıda təhlükə altında olan Liza xanım isə Türkiyəyə gedir və orada 1950-ci ilə qədər yaşayır.

Sovet vaxtında bina əvvəllər XI ordunun qərargahına çevrilir, sonralar qadınlar klubu, Şirvanşahlar muzeyi kimi fəaliyyət göstərir. Daha sonra və bu günə qədər isə bina nikah sarayı kimi fəaliyyət göstərir. [Mətanət Zeynalova. Sevgi dolu «Səadət sarayı». Azərbaycan. – 2014.- 3 avqust.- S. 5.]

Bina ölkə əhəmiyyətli daşınmaz abidə kimi qorunur. 2012-ci ildə Səadət Sarayı əsaslı təmir olunub.

Murtuza Muxtarovun sevgi hekayəsi: Səadət sarayı

Foto BakuPlus.az
Foto BakuPlus.az
Foto BakuPlus.az
Foto BakuPlus.az Foto BakuPlus.az Foto BakuPlus.az
Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR