Xəzər rayonunda yerləşən Zirə qəsəbəsinin sakinləri dənizin hasarlanmasından və zibil qutularının olmamasından şikayətçidirlər. Bu haqda 24 iyun tarixində Bakuplus.az xəbər verir.

Qəsəbə sakinləri dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyirlər. Onlar iddia edirlər ki, dəniz sahilinin bir hissəsi işğal olunaraq hasarlanıb.

İzləyicilərdən Bakuplus.az-a gələn şikayətlə bağlı Zirə qəsəbəsinə üz tutduq. Problemi nəzərə alaraq, dənizin hasarlandığı ərazidə olduq. “Zirə qızıl balıq” restoranından üzü Türkan qəsəbəsinə doğru dəniz ətrafının hasarlandığı xəbəri öz təsdiqini tapıb. Həmin ərazidə hündür çəkilmiş hasarlar nəinki insanların dənizə yaxınlaşmağına, onu kənardan seyr etməyə belə imkan vermir. Sakinlər bildirirlər ki, buranın hansı səbəbdən və kim tərəfindən hasarlandığı məlum deyil.

Digər bir problem Zirədə zibil qutularının olmamasıdır. Burada münasib yer olmadığından, sakinlər məişət tullantılarını yolun qırağına atmağa məcburdurlar. Yaşayış məntəqəsi getdikcə böyüsə də, küçələrə zibil konteynerləri qoyulmur.

“Məişət tullantılarını kisələrə yığıb, küçənin qırağına qoyuruq, daha sonra zibil maşınları onları götürür. Küçələrə qoyduğumuz üçün, antisanitar vəziyyət yaranır, ətrafı pis qoxu bürüyür”, – deyə sakinlərdən biri şikayətlənib.

“Zibilləri küçəyə qoyuruq. Bu zaman sahibsiz itlər kisəni eşib zibili ətrafa yayırlar. Hansı ki, ağzı qapalı zibil qutuları olsa, nə üfunət olar, nə də digər problemlər. Bəziləri isə işə gedəndə evdəki zibilləri maşına qoyub Türkan qəsəbəsindəki qutulara atırlar”, – deyə digər Zirə sakini gileylənib.

Sakinlərin sözlərinə görə, əvvəl qəsəbədə zibil qutuları olub, lakin iki ay əvvəl zibil daşıyan şirkət ərazidən bütün konteynerləri yığışdırıb. Üstündən xeyli vaxt keçsə də, hələ də qutular geri qaytarılmayıb.

Zirə qəsəbəsinin sakinləri ərazidə zibil konteynerlərinin olmamasından şikayətçidirlər

Foto BakuPlus.az
Foto BakuPlus.az
Foto BakuPlus.az Foto BakuPlus.az