Sabit Atababa oğlu Orucov 30 (31) may 1912-ci ildə Bakı­nın Novxanı kəndində anadan olub.

 

O, 1931-1936-cı illər­də  Azərbaycan Neft Səna­yesi İnsti­tutunda (indiki ADNSU) təhsil almışdır. Orucov 1936-1946-cı illərdə neft­çı­xarma ustası, sonra Suraxanı mədənlərində direktor vəzifələrində çalışmışdır. O, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur.

Daha sonra Sabit Orucov Moskvaya dəvət olunur və SSRİ Neft Sənayesi nazirinin müavini vəzifəsində çalışır. O, Xəzər dəniz neft yataqlarında, xüsusilə neft daşlarında neft çıxarılmasına əmək sərf etmişdir. [Azərbaycan Sovet Ensiklopediyası – VII Cild. Bakı-1983]

1960-cı illərdə Qərbi Sibirdə neft və qaz yataqlarının mənimsənilməsi Orucova həvalə edilir. Onun rəhbərliyi altında orada böyük qaz yatağı tapılır. Bundan sonra Moskva Bakıda neft və qaz istehsalını dayandırmaq istəyirdi. Xəbəri eşidən Sabit Orucov buna etiraz edir və Moskvanı bu fikirdən yayındırır. Onun səyləri nəticəsində SSRİ və Şərqi Avropada 200 milyon insan qazla təmin olunur. Həmçinin onun sayəsində Orenburq vilayəti, Türkmə­nistan və Özbəkistanda neft və qaz ya­taq­ları istismara verilmişdir.

Sabit Orucov 1972-ci ildə SSRİ Qaz Sənayesi naziri təyin olunur. O, dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetlərinə deputat seçil­mişdir. [https://science.gov.az/az/forms/skanchavshiesya-chlenyikorrespondentyi/3485]

1973-cü ildə Orucov Sibirdə qəsəbə salınması haqqında fikir irəli sürür. Novıy Urenqoy şəhərinin əsası məhz onun sayəsində qoyulmuşdur.

Orucov qaz sənayesinin inkişafında xidmətlərinə görə iki dəfə SSRİ Dövlət Mükafatı, Lenin Mükafatı laureatı olmuşdur, Əməkdar elm və texnika xadimi və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. [https://www.gazprom.ru/press/news/reports/2012/orudzhev/biography/]

AMEA-nın müxbir üzvü Sabit Orucov 20 aprel 1981-ci ildə Moskvada vəfat edib. Qohumları onun Novxanıda dəfn olunmasını istəsə də, Moskvanın etirazı ilə o, Novodeviçye qəbiristanlığında dəfn olunub.

Bakı şəhərində küçə, Urenqoyda yerləşən qaz hasilatı üzrə istehsalat birliyi, Rusiyanın Nadım şəhərində sahilyanı küçə, “Kaspmorneftqazprom” birliyinə məxsus gəmi Sabit Orucovun adını daşıyır.