Bakıda idman zalında qətl törədən şəxsin ittihamı ağırlaşdırılıb. Bu haqda 29 iyun tarixində APA məlumat verib.

Bakıda idman zalında qətl törədən Əli Abbasovun ittihamı ağırlaşdırılıb.

Cinayət Məcəlləsinin “Xuliqanlıq niyyəti ilə adam öldürmə” və “Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə” maddələri ilə əlavə ittiham elan olunub.

Belə ki, Xətai rayonunda 2021-ci il martın 1-də Bakı şəhər sakini Əli Abbasov N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən dava edib. Həmin zalda idman edən 22 yaşlı Bəxtiyar Nəsibov mübahisə zamanı Abbasova  bədən xəsarətləri yetirib. Sonra Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovun döş qəfəsinə üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə ittiham verilərək baxılması üçün məhkəməyə göndərilmişdi.