Buzovna qəsəbəsi Bakı şəhəri, Xəzər rayonu ərazisində, Abşeron yarımadasının şimal sahilində yerləşir.

Buzovna toponiminin dəqiq elmi izahı müəyyənləşdirilməyib. Bəziləri, burada məskunlaşan insanların, əsasən, maldarlıqla məşğul olmasına görə qəsəbənin adını “buzov” sözü ilə bağlayırlar. Başqa versiyaya görə, bu ad qədim türk tayfaları olan Bozoklarla (Bozoğuzlarla) bağlıdır. Alim T.Q.Səlimov – Şağaninin fikrinə əsasən, bu toponim tat dilindən “puz” – çıxıntı, burun, “ov” – su və “na” şəkilçisindən əmələ gəlib, “suya girən burun” mənasını verir. [Aydın Məmmədov. Qədim və indiki Abşerona səyahət. Bakı-2006]

 Buzovna yeddi məhəllədən ibarət idi: Nəzranı, Pir, Daşta, Tavalıq, Xan, Dəniz, Aşağı məhəllə. [Фатуллаев-Фигаров Ш.С. Зодчество Апшерона. Баку-2013]

XIX əsrin rus səyyahı Berezin qəsəbənin adını “Buzonya” və “Buzoqna” kimi də qeyd edir. Tarixçi Sara Aşurbəyli isə qəsəbədə qırmızı gil kuzələr olan böyük təndirlər formasında qədim məzarların mövcudluğundan məlumat verir. Tədqiqatçıya əsasən, bu dəfn adəti nə islam, nə də xristianlıq adətləri ilə uyğun gəlmir və daha erkən dövrlərə aiddir. [Березин И.Н. Путешествие по Дагестану и Закавказью. Том I. Казань-1849] [Ашурбейли С. История города Баку. Баку-1992]

 Buzovna öz çimərliyi, sanatoriyası və tarixi abidələri ilə tanınır. Burada Qara paltar piri (XVII əsr), Qasım Şeyx Cavad, Seyyid Gülşan pirləri, Yuxarı məscid (XVI əsr), Sahib-əl Zaman məscidi (XVII əsr), imam Hüseyn məscidi (XVII əsr), Cümə məscidi (XIX əsr) kimi tarixi abidələr yerləşir. Kənddə mövcud olmuş Alban kilsəsi və Buzovna qalası sovet hakimiyyəti illərində dağıdılmışdır. [https://ann.az/az/buzovna-ehalisinin-inanclari-sabah-qoyulacaq/]

 

Berezin Buzovnada sarayla birlikdə xan bağının mövcudluğundan məlumat vermişdir. Memar Ş.S.Fətullayevin araşdırmalarına görə, bu bağ XVIII əsr Bakı xanlarından olan Abbasqulu ağa Bakıxanovun ulu babası Mirzə Məhəmməd xana məxsus idi. [Фатуллаев-Фигаров Ш.С. Зодчество Апшерона. Баку-2013]

 “Yeddi oğul istərəm”, “Torpaq, dəniz, od, səma”, “Yuxu”, “Təhminə” kimi filmlər Buzovnada lentə alınıb.

1893-cü ilin statistik məlumatlarına görə, Buzovnada 2,1 min sakin yaşayırdı. 1960-cı ilin məlumatına əsasən, əhalinin sayı 9 min nəfər olub. 2021-ci ildə Buzovna əhalisi 31,8 min nəfər təşkil edirdi.

[Свод статистических данных о населении Закавказского края. Тифлис-1893]

[Баку за 40 лет в цифрах. Баку-1960]

[https://www.stat.gov.az/]

Foto BakuPlus.az
Foto BakuPlus.az
Foto BakuPlus.az
Foto BakuPlus.az
Foto BakuPlus.az
Foto BakuPlus.az Foto BakuPlus.az Foto BakuPlus.az Foto BakuPlus.az Foto BakuPlus.az