Azərbaycan polisinin yaranmasının 104 ili tamam olur. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) atdığı ilk addımlardan biri müstəqil Azərbaycan polisinin yaradılması idi.

Asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əminamanlığın qorunması, cinayətkarlıqla mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirən Azərbaycan Polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə xidmət etmişdir. Təəssüf ki, AXC-nin süqutu ilə əlaqədar olaraq, Azərbaycanın milli polisi də ləğv edilmişdi. Onun əvəzində bolşeviklər “milis” adlandırılan bir qurum yaratmışdılar. Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra milli polis yaradıldı.

Ulu öndər, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sabiq daxili işlər naziri Ramil Usubova Azərbaycan Polisi Gününün həqiqi tarixinin araşdırılıb üzə çıxarılmasını həvalə etmişdi. Prezidentə təqdim olunan arayış üzrə (hüquqi əsas kimi), nəhayət, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin “Azərbaycan Polisi Gününün təsis edilməsi haqqında” 24 may 1998-ci il tarixli fərmanı çıxdı. Fərmanda deyilirdi: “1. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycam Polisi Günü elan edilsin”.

1998-ci il iyulun 2-də Azərbaycan Polisinin 80 illiyi respublika səviyyəsində ilk dəfə təntənəli surətdə keçirildi.

Azərbaycan Daxili İşlər Nazirliyinin, Azərbaycan Polisinin şəxsi heyəti suverenliyimiz, ərazimizin bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda Birinci Qarabağ Müharibəsində 1695 nəfər şəhid vermişdir, 1710 nəfər isə yaralanmışdır… Göstərdikləri şücaət və igidliyə görə 67 nəfər əməkdaş “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülmüşdür.