1939-cu ildə ölkələr arasında hücum etməmə paktının imzalanması ilə SSRİ Almaniyanı neftlə təmin etməyə başlayır. Bu hadisədən sonra London və Parisin rəsmi dairələrində Bakını bombalamaq planı yaranır. Bunun məqsədi Bakı neftinin almanlar tərəfindən istifadəsinin qarşısını almaq idi.

Bakıya qarşı aviasiya bazasının Türkiyədə, İranda, İraqda və ya Suriyada yerləşməsi planlaşdırılır. Martın əvvəlində ingilis pilot Makleynin idarə etdiyi təyyarə İraq ərazisindən qalxaraq 1 saat ərzində Bakı səması üzərində 7 min metr hündürlükdən şəhərin aeroçəkilişini aparır və Sovet hava hücumlarından müdafiə sistemi tərəfindən müəyyən olunmamış qalır. Kəşfiyyat məlumatlarının nəticələrini müzakirə etdikdən sonra iki oxşar plan hazırlanır: ingilis “MA-6” və fransız “R.İ.P.” (Rusiya.Sənaye.Yanacaq). [Алексей Степанов. Кавказский кризис» или англо-французская воздушная угроза СССР в 1939—1940 гг]

17 aprel 1940-cı ildə Fransa qoşunlarının Yaxın Şərqdəki komandanı general Veyqan öz hökumətinə məruzə edir: “Qafqaz neft yataqlarının bombalanaraq məhv edilməsi planı o qədər irəli gedib ki, əməliyyatın icrasına başlamağın vaxtını dəqiqləşdirmək qalıb”. O, iyunun sonu – iyulun əvvəlində əməliyyatlara başlamağı təklif edir. Bu əməliyyata “Nizə” (ingiliscə “Pike”) adı verilir.

Bakının bombalanması bu cür olmalı idi: İngilis Hərbi Hava Qoşunları İraqda bazadan qalxır. Zərbələrdə 90-100 təyyarədən istifadə olunur. Bakını 15 günə dağıtmaq planlaşdırılır. Nəticədə 122 neft zavodu yerlə yeksan edilməli idi. Baş verəcək yanğınlardan bütün şəhəri alov almalı idi, onu söndürmək isə qeyri-mümkün olacaqdı. [https://azerhistory.com/?p=10703]

1940-cı ilin iyununda ingilis-fransız alyansı Norveçin müdafiəsində nasistlərə məğlub olur. Nəticədə London hökuməti Bakını bombalamağa hazır olan hava hissələrini geri çağırır. Eyni vaxtda Fransa nasistlərin işğalı altına düşür. 1941-ci il iyunun 22-dən sonra isə Moskva ilə London nasizmə qarşı mübarizədə müttəfiqə çevrilirlər.