Bakıda bahalı iti oğurlayan şəxs tutulub. Bu haqda 5 iyul tarixində Kriminalqafqaz məlumat verib.

2021-ci ildə keçmiş məhkum Rəsul Məmmədov (ad və soyad şərtidir) Binəqədi-Novxanı yolunun sağ kənarında yerləşən avtoyuma məntəqəsinin  həyətindən 2000 manat dəyərində olan “Çivas Qanqal” cinsli 4 aylıq iti oğurlayıb.

Saxlanılan Məmmədov bildirib ki, it saxlamaq həvəskarı olduğu üçün onu oğurlayıb:

“İti avtoyuma sexinin yaxınlığındakı saxlanc yerində görmüşdüm. İt saxlamağa həvəskar olduğum üçün hətta sahibinə onu almaq istədyimi də demişdim. O da bildirmişdi ki, hələ ki, satmaq fikri yoxdur. Tez-tez o itə yemək də vermişəm. Bir gün səhər tezdən avtoyuma məntəqəsinə gələndə orada heç kimin olmamasından istifadə edib iti oğurladım. İtin saxlanıldığı yerin setkasını qırıb onu götürdüm. Gətirib həyətimdə 4-5 gün ona qulluq etdim. Fikrim iti saxlamaq idi. Sonra polislər gəldi və mən də itin həyətimdə olduğunu etiraf etdim. Əməlimdən çox peşmanam”.

Rəsul Məmmədov Cinayət Məcəlləsinin “Oğurluq – saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə” maddəsi ilə təqsirli bilinib və 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı tətbiq edilib və üzərinə daima yaşadığı ərazini tərk etməmək öhdəliyi qoyulub.