Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 50-yə yaxın vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda BakuPlus.az 6 iyul tarixində Apa-ya istinadən xəbər verir.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib. Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədilə göndərildiyini və axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib.

Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsilə paylanıldığı görüntüsü yaradıb.

Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən Müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb.

Bu illər ərzində topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb.

İş üzrə zərərçəkən şəxs qismində tanınan təxminən 50-yə yaxın vətəndaş həmin şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldıqlarını bildiriblər.

Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.