“New Life” reabilitasiya mərkəzinin 5 əməkdaşı həbs olunub. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 7 iyul tarixində xəbər verir.

Mərkəzin rəhbəri Orucəli Heydərov, orada fəaliyyət göstərən Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov mərkəzdə müalicə olunan pasiyentlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.

Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən tibb ocağı narkotik, alkoqolizm və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərir.

Cinayət işinin materiallarında göstərilib ki, “New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən pasiyentlərin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.

İddia olunur ki, sözügedən mərkəzdə qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.

Belə ki, orada müalicə alan Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutub döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin olaraq Hüseyn Məmmədovun əzab verilməsi nəticəsində öldüyü güman edilsə də, ekspertiza rəyindən sonra onun yüksək dozada narkotik qəbulundan vəfat etdiyi məlum olub.

Digər pasiyentlər – Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev isə işgəncələr nəticəsində müxtəlif bədən xəsarətləri alıblar. Onların barmaqlarının sındırıldığı və digər işgəncələrə məruz qaldığı bildirilib.

Daha bir ittihama görə, saxlanılan şəxslər qanunsuz sahibkarlıq yolu ilə 81 min manat gəlir əldə ediblər. Onların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

İttiham olunan şəxslərin heç biri özünü təqsirli bilməyərək cinayət işinin materiallarında yazılanlarla razılaşmır.

Foto Apa.az saytı
Foto Apa.az saytı