Azərbaycan əsilli tanınmış musiqiçi Adilə Əliyeva Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Fəxri Legion” ordeni ilə təltif olunub. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 15 iyul tarixində xəbər verir.
Fransa Respublikasının milli bayramı ərəfəsində pianoçu, klassik musiqi festivalının təsisçisi Adilə Əliyevanın musiqi sahəsində 46 illik xidmətinə görə bu mükafata layiq görüldüyü qeyd edilib.
Bakı şəhərində anadan olan soydaşımız Bülbül adına orta ixtisas musiqi məktəbini və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.
Onun 50-dən çox ölkədə konsertləri təşkil edilib, məşhur səsyazma studiyalarında 30-dan çox kompakt diski yazılıb.
Hazırda Fransanın Anmas şəhərində yaşayan A.Əliyeva 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktorudur.