AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, zoologiya üzrə fəlsəfə doktoru Təvəkkül İskəndərov yay aylarında Bakı çimərliklərində tez-tez rast gəlinən ilanlara bağlı açıqlama verib. Bu haqda APA 22 iyul tarixində məlumat verib.
Tədqiqatçının sözlərinə görə, yay aylarında ilanlarla qarşılaşma qaçılmazdır – bu vaxt ilanların ən aktiv dövrüdür, onlar yumurta qoyur və qidalanmaq üçün quruya gəlirlər.
Təvəkkül İsgəndərov bildirib ki, su ilanları daha çox dənizin qayalıq sahillərində, göl və gölməçələrin qamışlıq sahillərində yaşayır: “Onlar nə qədər çox olsa da insan üçün heç bir təhlükə yaratmır. Çünki onlar zəhərli deyil, zəhərli sancma etmirlər”.
Bir müddət əvvəl Bakı universitetlərindən birinin həyətində ilanın görünməsinə toxunan alim qeyd edib ki, ilanlar daha çox insanların az olduğu, sakit yerlərdə yaşayırlar:
“Lakin bu cür ərazilərdə yaşayan ilanlar bəzən qidalanma ilə bağlı və ya sərinlik axtarmaq, yumurta qoymaq üçün ona bitişik təsərrüfat ərazisinə, həyətlərə də daxil ola bilərlər. Lakin universitet ərazisi kimi yerlərdə insanların çox olduğu üçün adətən ilanlar bu cür ərazilərdə müşahidə edilmir”.
Ümumilikdə Azərbaycanda 28 növ ilan yayılıb, bunlardan yalnız 6-sı zəhərlidir. Zəhərli ilanlardan da ölkədə ən çox rast gəlinəni gürzədir. Digər zəhərli ilanlar isə xırda ilanlardır və çox məhdud ərazilərdə yayılıb. Lakin gürzə Abşeronda, Aran zonasında, Qobustanda geniş yayılmış ilan növü sayılır.