Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan sürücülər duracaqların azlığından əziyyət çəkirlər. Onların sözlərinə görə, yalnız bir neçə ərazidə elə yerlər var ki, həmin duracaqları da daha çox digər avtomobillər zəbt edirlər. Bu haqda bu gün, 25 iyul tarixində Xəzər Xəbər reportaj təqdim edib.
“28 may” metro stansiyasının qarşısında taksi avtomobilləri üçün xüsusi yer ayrılıb. Lakin həmin yerlərdə digər avtomobillərin park edilməsi taksi sürücülərinin bu ərazidə dayanmasına maneə yaradır. Belə vəziyyətdə isə sürücülər müştəriləri ya avtobus dayanacaqlarında, ya da kənar yerlərdə gözləmək məcburiyyətində qaldıqlarını deyirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, son illər taksi fəaliyyəti ilə məşğul olanların sayı xeyli artıb. Buna görə də duracaqlarla bağlı problem həllini tapmır.
“Şəhərdə bu qədər ərazi də yoxdur. Buna görə də həmin problemlər yaranır. İctimai nəqliyyatdakı problemlər həll olunsa, o, haradasa dayanıb sərnişin gözləyən taksilərin sayı azala bilər. Sadəcə mövcud taksi duracaqlarından istifadəni yaxşılaşdırmaq lazımdır, çünki hazırda taksi duracaqlarında digər avtomobillər parklanaraq oranı zəbt edirlər, bəzi taksi duracaqları isə münasib yerdə olmadığından, demək olar ki, istifadə edilmir”.
Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, bu günə qədər paytaxtda ümumilikdə 127 taksi duracağı təşkil edilib. Proses davamlı olaraq aparılır. Agentlikdən, həmçinin qeyd edildi ki, problemin səbəblərindən biri də qanunsuz taksi fəaliyyəti göstərənlərin sayının çox olmasıdır.
