Bakıda özgələrinin əmlakını talayan qadın falçının məhkəməsi başa çatıb. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 26 iyul tarixində xəbər verir.

Özünü falçı kimi təqdim edən Lida Qulamova cari il fevralın 22-də Nəsimi rayonunda piyada hərəkət edən Aytən Məmmədovaya (ad-soyad şərtidir) yaxınlaşıb və ailəsində problemlər olduğunu bildirərək onun etibarını qazanıb.

Aytənin ailəsində olan problemlər üst-üstə düşdüyündən, zərərçəkən şəxs Lidaya inanıb.

Daha sonra Lida ilə Aytən Nizami rayonunda yerləşən parkda yenidən görüşüblər. Lida zərərçəkənə görüşə gələrkən evində olan pulları da gətirməsini, əsginasların daha da bərəkətli olması üçün dua oxuyacağını bildirib.

Görüşə naməlum qadınla gələn Lida guya dua oxuyaraq Aytənin ağ parçaya bükülü halda gətirdiyi 9 000 dolları götürüb və onu sabah açmasını tapşırıb.

Aytən isə evə qayıtdıqdan sonra şübhələnərək parçanı açıb və onun boş olduğunu görüb.

Polisə müraciətindən sonra falçının əldə etdiyi pulları özünə xərclədiyi, həmçinin 3000 manata Sumqayıtda yerləşən maşın bazarından “Vaz 2109” markalı avtomobil aldığı məlum olub.

Özünü falçı kimi təqdim edən 47 yaşlı Lida Qulamova (soyad-şərtidir) dələduzluq əməllərinə görə iki il müddətinə azadlıqdan məhrum edilib.