Əmlak Məsələləri Dövlət Xidməti “Sədərək” Ticarət Mərkəzinin fəaliyyət göstərdiyi müddət boyunca icarə pulu ödəmədiyini iddia edir. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 29 iyul tarixində xəbər verir.

Qurum ticarət mərkəzinin rəhbərliyindən icarə müqaviləsinin bağlanılmasını tələb edir.

Əmlak Məsələləri Dövlət Xidməti bildirib ki, ticarət mərkəzi dövlətə məxsus torpaq ərazisində fəaliyyət göstərməsinə baxmayaraq, bu müddət ərzində dövlət xidmətinə icarə pulu ödənilməyib.

ƏMDX artıq “Sədərək” barəsində məhkəmə iddiası da qaldırıb.

İddiaya Bakı Kommersiya Məhkəməsində hakim İlham Əhmədovun sədrliyi ilə baxılır.

Mübahisə ilə bağlı maraqlı məqamlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə maraqlı şəxs qismində cəlb olunmasıdır. Belə ki, “Sədərək” firması bu günə qədər BŞİH-nin sərəncamı əsasında fəaliyyət göstərirmiş.

“Sədərək” ticarət mərkəzi Qafqazın ən böyük bazarı hesab olunur. Ərazisi 30 hektardan çox olan ticarət mərkəzinin rəhbəri tanınmış iş adamı Yusif Qədimbəylidir.