Tarix boyu iri şəhər və qalaların açarları simvolik məna daşıyaraq hakimiyyət gücü və böyüklük nişanı idi. Qalalar düşmən ordusu tərəfindən ələ keçirilərkən onların açarları təvazökarlıq və təslimiyyət əlaməti olaraq düşmənə təhvil verilirdi.

XVIII əsrin birinci yarısında Azərbaycanda yaranmış bir sıra müstəqil xanlıqlar da bu adətə riayət edirdilər. Onların sırasında olan Bakı xanlığının mərkəzinin – Bakı qalasının da beş gümüş açarı var idi. [Sevinc Vahabova. Azərbaycan şəhərlərinin açarları. Bakı-2020] 

1806-ci ildə general Bulqakovun komandanlıq etdiyi rus qoşunları Bakını ələ keçirmək istəyirlər. Mübarizənin uğursuzluğunu anlayan Bakı xanı Hüseynqulu xan şəhəri və onun əhalisini qorumaq məqsədilə öz nümayəndə heyəti ilə qalanın açarları və xanlığın bayrağını Bulqakova göndərir, özü isə İrana qaçır. Beləliklə, Bakı Rusiya imperiyası tərəfindən işğal edilir, xanlığın atributları isə hərbi qənimət kimi götürülür. [https://bakucity.preslib.az/az/page/t7wI6LCBpk

1888-ci ildə həmin açarlar Tiflisdə açılan Qafqaz Hərbi Tarix Muzeyinə verilir və bir müddət orada saxlanılır. 1924-cü ildə Bakı qalasının açarları digər Azərbaycan xanlıqlarına məxsus atributlarla birlikdə Azərbaycan Tarix Muzeyi tərəfindən əldə edilir. [Sevinc Vahabova. Azərbaycan şəhərlərinin açarları. Bakı-2020] [Путеводитель по Кавказскому Военно-Историческому Музею. Тифлис-1913]

Bakı qalasının 5 gümüş açarı bu günə kimi Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və Bayraqlar Fondunda saxlanılır. [http://azhistorymuseum.gov.az/az/news/2449