“Yeni Avropa” mehmanxanası Bakı şəhərində, Hacı Zeynalabdin Tağıyev (keçmiş Korçakovski) küçəsi, 13-də yerləşir. Binanın memarı polşalı İosif Kasperoviç Ploşkodur.

Mehmanxana xeyriyyəçi Musa Nağıyevin sifarişi ilə 1910-1913-cü illərdə inşa olunub. Bu, Bakının mərkəzində mehmanxana kimi inşa olunmuş ilk binalardan hesab edilir. Altımərtəbəli tikili modern üslubunda inşa edilmişdir. Mehmanxana, əsasən, neft sənayesi işçiləri və ya neft sahəsində çalışan iş adamları üçün xidmət edirdi. [Şamil Fətullayev-Fiqarov. Bakı memarları XIX əsrin sonu – XX əsrin əvvəlində. Bakı-2013] [Заплетин Г., Ширин-заде Г. Русские в истории Азербайджана. Баку- 2008]

Sovet dövründə “Yeni Avropa”da, adətən, Azərbaycanın digər şəhər və rayonlarından gələn ziyarətçilər yaşayırdı. Lakin mehmanxananın tanınmış xarici qonaqları da var idi. Onların arasında rus şairləri Sergey Yesenin və Rurik İvnev, aktyor Vasiliy Kaçalov, kəşfiyyatçı Yakov Blumkin olub. [Сергей Есенин. Полное собрание сочинений в семи томах: Письма. — Москва-1999] [Ивнев Р. Новые тетради дневников // Крещатик : журнал. — 2009.]

1940-1950-ci illərdə ümummilli lider Heydər Əliyev Naxçıvandan Bakıya gələrək mehmanxanada yerləşdirilmişdir. O, həmin illəri belə xatırlayır: “Yadımdadır, təxminən 1940-cı illərin əvvəllərində, Bakıya gəldim. Buraya gəldim, otaq tutdum və mehmanxana məni valeh etdi. Burada lift görəndə fikirləşdim ki, o vaxtlar Bakıda heç bir mehmanxanada lift yox idi… lakin burada hər kəs onu məmnuniyyətlə istifadə edirdi.” [Речь Президента Азербайджанской Республики Гейдара Алиева на церемонии торжественного открытия нового офиса российской нефтяной компании «ЛУКойл» в Баку // Бакинский рабочий — 1999. — 5 октября.]

1999-cu ildə Rusiyanın “Lukoyl” neft şirkətinin keçmiş prezidenti Vahid Ələkbərov binanı alır və burada təmir işləri aparır. Həmin ilin 3 oktyabrında keçmiş mehmanxananın binasına “Lukoyl”un ofisi köçürülür və bu günə kimi burada yerləşir.

“Yeni Avropa” mehmanxanası yerli əhəmiyyətli abidə hesab edilir.

Heydər Əliyevi valeh edən Yeni Avropa mehmanxanası

Foto BakuPlus.az
Foto açıq mənbədən
Foto BakuPlus.az
Foto BakuPlus.az Foto açıq mənbədən Foto BakuPlus.az