Bu gün Xalq artisti Afaq Bəşirqızı 67 yaşını qeyd edir. Bu haqda 15 avqust tarixində Bakuplus.az məlumat verir.

Afaq Bəşirqızı 1955-ci ildə Bakı şəhərində aktyor Bəşir Səfəroğlunun ailəsində anadan olub. 1972-ci ildə 20 nömrəli orta məktəbi bitirib və 1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) təhsil alıb.

Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. Onun “Bəxt üzüyü” filmində yaratdığı Söylü obrazı tamaşaçıların rəğbətini qazanıb. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bu günə kimi həmin teatrda çalışır.

Azərbaycan Televiziyasında hazırlanmış Anarın “Evləri köndələn yar” (Darçınbəyim), Vaqif Səmədoğlunun “Yaşıl eynəkli adam” (Zəhra), Əli Əmirlinin “Bala başa bəla” (Suğra), Məcnun Vahidovun “Yarımştat” (Ayna), Aqşin Babayevin “Nekroloq” (Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xarakterli rollar və “Afaq gülür güldürür” şousunda müxtəlif obrazlar yaradıb.

Afaq Bəşirqızı uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışıb və həmin təhsil müəssisəsinin professoru elmi adına layiq görülüb.

Afaq Bəşirqızının Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətləri hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib:

  • 1989-cu ildə “Azərbaycan SSR Əməkdar artisti”;
  • 1993-cü ildə “Azərbaycan Respublikasının Xalq artisti”;
  • 1993-cü ildə və 2003-cü ildə “Qızıl Dərviş” mükafatına layiq görülüb;
  • 2013-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub;
  • 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür;
  • 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.