1887-ci ildə Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyev digər beş sahibkarla birlikdə atlı-dəmiryol səhmdar cəmiyyətini təşkil edir. Səhmdar cəmiyyətinin ilk sədri Tağıyevin özü olur. Tikinti işləri isə mühəndis-texnoloq B.A.Rotulda tapşırılır. Bakı konkası ilk dəfə 7(19) aprel 1889-cu ildə hərəkətə gətirilir. [М.Сулейманов. Дни минувшие. Баку-1987] [Рудольф Гиль. Приветъ изъ Баку (Архивные документы сквозь столетия). Баку-2014]

Konka relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən vaqonlardan ibarət idi. Bakı konkasında iki tip vaqondan istifadə edilirdi: yay (açıq) və qış (bağlı) vaqonları. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə vaqonu idarə edirdi. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Yoxuş küçələrdə, adətən, foreytorlar (karet sürücüsü) yerləşdirilirdi və onlar vaqonlara əlavə at qoşaraq çətin yerlərin öhdəsindən gəlməyə kömək edirdilər. [https://azerhistory.com/?p=11452]

Bu nəqliyyat növü o vaxtlar Bakıda fəaliyyət göstərən fayton nəqliyyatından istifadə etməyə imkanı olmayan sakinlər üçün nəzərdə tutulurdu. Bakı konkası bütün Rusiya imperiyasında nadir konkalardan idi ki, burada siqaret çəkmək qadağan edilmişdi. Beş yaşınadək uşaqların gediş haqqı ödənilmirdi. Polis əməkdaşları vəzifələrini yerinə yetirərkən bütün xətlər üzrə pulsuz getmək hüququna malik idilər. Aşağı rütbəli polislər vaqonlarda ayaq üstə durmalı idilər.  [Рудольф Гиль. Приветъ изъ Баку (Архивные документы сквозь столетия). Баку-2014]

1895-ci ildə Bakıda artıq dörd konka xətti fəaliyyət göstərirdi: Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Şamaxinka-Bayıl, Vağzal-Qara şəhər. [Бакинский справочный календарь на 1897 год]

1923-cü ildə konka nəqliyyatı elektrik tramvaylar ilə əvəz edilib.