18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti dövlət sərhədlərinin mühafizəsi haqqında qanun qəbul etmişdir. Bu qanuna əsasən, qaçaqmalçılıqla mübarizə, Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini qeyri-qanuni ticarətdən qorumaq məqsədilə Azərbaycanın sərhədlərində 99 post yaradılmışdı və burada 992 keşikçi yerləşdirilmişdir. Həmçinin bu sənədlə Sərhəd mühafizəsinin təşkilinə rəhbərlik etmək və onun işini gömrük idarəsi ilə uyğunlaşdırmaq üçün maliyyə nazirliyinin dəftərxanasında xüsusi sərhəd mühafizəsi şöbəsi yaradılmışdı.

Bu qanunla Azərbaycanda Sərhəd Qoşunlarının formalaşması prosesi başladı. Parlamentin və hökumətin qərarlarına əsasən, sərhəd mühafizə və yoxlanış məntəqələrinin sayı artırılmaqda idi. O dövrdə Azərbaycanda Zaqatala mahalının Qabaqçöl və Mazımçay kəndlərində, Gəncə quberniyası Qazax qəzasının Şıxlı və Salahlı kəndlərində gömrük postları var idi. 10 iyul 1919-cu ildə Azərbaycan Parlamenti Ağstafa gömrükxanasından keçən nəqliyyat vasitələrini və sərnişinləri yoxlamaq məqsədilə Qazax qəzasının Poylu dəmir yol stansiyasında və Çaxmaqlı kəndində də ön gömrük postlarının yaradılması haqqında qanunlar qəbul etdi. 29 sentyabr 1919-cu ildə Cümhuriyyət Hökuməti Qızılağac gömrük postunun fəaliyyətinin bərpası barədə qərar qəbul etdi. [Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: II cild. Bakı-2005]

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə Sərhəd Qoşunlarının formalaşması prosesi dayandı. Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud idi.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Sərhəd Qoşunlarının formalaşması davam etdirildi. O vaxtlar sərhəd xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərirdi. 2002-ci ildə isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yaradılmışdır. [https://files.preslib.az/site/newspdf/serhqos.pdf

Ümummilli lider Heydər Əliyevin 16 avqust 2000-ci il tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur.