Bakının Binəqədi rayonu ərazisində tapılan Şəmkir rayonu sakini 33 yaşlı Asimə Məmmədova sığınacağa yerləşdirilib. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az məlumat verir.

O, öz istıdiyi ilə evdən qaçdığını və Bakıdakı kafelərin birində ofisiant kimi işə düzəldiyini bildirib. Məmmədova qeyd edib ki, özü və uşaqları həyat yoldaşı tərəfindən təzyiqlərə məruz qalsa da, valideynləri onun boşanmasına razı olmayıblar. O, həyat yoldaşı Azər Nağıyevi spirtli içki aludəçisi olmaqda və uşaqlarına baxmamaqda ittiham edib.

Binəqədi polis bölməsinin əməkdaşları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıqdan sonra, qadın sığınacağa yerləşdirilib, orada mütəxəssislərin iştirakı ilə Məmmədovanın psixoloji vəziyyətinin qiymətləndirilməsi aparılıb.

Bu gün Asimə Məmmədovanın valideynləri Dövlət Komitəsinə müraciət edərək övladları ilə görüşmək istədiklərini bildiriblər. Komitənin əməkdaşlarının iştirakı ilə Asimə Məmmədovanın sığınacaqda yaxınları ilə görüşü təşkil olunub. Məmmədovanın valideynləri əri tərəfindən zorakılığa məruz qaldığı müddətdə övladına baxmadıqlarından dərin təəssüf hissi keçirdiklərini və bundan sonra hər zaman onun yanında olacaqlarını bildiriblər.