Bakının Səbail rayonunda su hovuzu zibil quyusuna çevrilib. Bu haqda 1 sentyabr tarixində Bakuplus.az Xəzərxəbər-ə istinadən xəbər verir.

Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi, döngə 3 ünvanında yerləşən su hovuzunun içərisi su ilə deyil, tullantılarla doludur. Ətrafa yayılan üfunət insanları təngə gətirib.

Burada yaşayan sakinlər iddia edirlər ki, yaxınlıqdakı neft çənlərinə görə sovet vaxtı həmin ərazidə təhlükəsizliyi təmin etmək məqsdədilə su hovuzu tikilib. Əvvələr hovuz işlək vəziyyətdə olub, indi isə təyinatına uyğun istifadə edilmir. Diametri təxminən 10, dərinliyi isə 3 metrə qədər olan su hovuzuna məişət tullantıları atılır. Bu isə ərazidə antisanitar vəziyyət yaradır. Üstəlik, hovuzun ətrafı çəpərlənməyib və bu da təhlükəyə səbəb olur. Sakinlər hovuzun sökülməsini təklif edirlər.

Məsələ ilə bağlı SOCAR bildirib ki, mövcud vəziyyətlə bağlı araşdırma aparılacaq.