Məmməd Abbas oğlu Hüseynov 20 aprel 1907-ci ildə Bakıda anadan olub. Şair Məmməd Rahim təxəllüsü ilə tanınıb.
İlk təhsilini Məmməd Bakıdakı türk-tatar məktəbində, sonra 5 nömrəli məktəbdə, onillik təhsilini isə 23 saylı məktəbdə alıb. O, 1929-cu ildə indiki Bakı Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olub və 1932-ci ildə buranı bitirib, bir neçə il Bakı məktəblərində müəllimlik edib. Şair 1934-cü ildən başlayaraq “Kommunist”, “Gənc işçi”, “İnqilab və mədəniyyət” kimi mətbuatlarda çalışıb. [Əliyeva İ.S. Məmməd Rahim. Bakı-1987]
Rahimin “Gördüm” adlı ilk şeiri hələ 19 yaşında, 1926-cı ildə “Gənc işçi” qəzetində, sonra isə “Gənc qızıl qələmlər” adlı məcmuədə dərc olunub. Rahimin “Arzular”, “Partizanın tüfəngi” “Nübar”, “Vətən sevgisi”, “Şəhərin nəğməsi”, “Ölməz qəhrəman”, “Xəzər sahillərində”, “Leninqrad göylərində” kimi şeir kitabları var. Onun “Xaqani” mənzum dramı, “Sayat Nova”, “Natəvan” poemaları keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə edilib.
Məmməd Rahim 1938-1940-cı illərdə Yazıçılar İttifaqında poeziya bölməsinin rəhbəri, 1941-1946-cı illərdə müdafiə bölməsinin rəhbəri olmuşdur. O, 1947-1950, 1951-1952-ci illərdə yenidən poeziya bölməsinə rəhbərlik etmişdir.
Şair 1930-cu illərdən tərcüməçi kimi də fəaliyyət göstərmiş, M.Lermontov, A.Puşkin, A.Tvardovski, A.Blok, Şiller, Nekrasov və digər şair və yazıçıların əsərlərini tərcümə etmişdir.
Məmməd Rahim iki dəfə Lenin ordeninə, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək bayrağı” ordenlərinə və Stalin mükafatına layiq görülmüşdür. O, 1964-cü ildə Azərbaycan SSR-nin “Xalq şairi” fəxri adını almışdır. [Большая советская энциклопедия Москва-1969]
Rahimin Stalin mükafatına layiq görülmüş “Leninqrad göylərində” poemasında Sovet İttifaqı Qəhrəmanı Hüseynbala Əliyevin obrazı yaradılıb. [https://kulis.az/index.php/xeber/tarix/musfiqin-cezalanmasini-teleb-eden-xalq-sairi-colorredmaraqli-faktlarcolor-30473]
Şair 6 may 1977-ci ildə Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.
Hazırda Bakının 7 nömrəli məktəbi Məmməd Rahimin adını daşıyır.