Müğənni olan həyat yoldaşını moteldə öldürən şəxs qızlarının qayınananın himayəsindən çıxarmaq istəyir. Bu haqda 3 sentyabr tarixində gundem.az məlumat verir.

2020-ci il sentyabrın 2-də Bakıda yerləşən moteldə həyat yoldaşı, müğənni Şəhanə Şamilovanı qətlə yetirən və 18 il müddətinə həbs cəzasına məhkum edilən Murad Şamilov həbsxanadan məktub göndərib. Şamilov qayınanasının himayəsinə verilmiş azyaşlı qızlarının taleyindən narahat olduğunu bildirib və onların bacısı Sevinc Nurəliyevanın himayəsinə verilməsini xahiş edib.

Məhbus azyaşlı övladlarının qayınanası Zəminə Məmmədlinin yanında yaşamasının onların gələcəyi üçün riskli olduğunu düşünür:

“Qeyri-sağlam həyat tərzi keçirən, özünü müğənni kimi təqdim edən, günlərlə evə gəlməyən Zəminə Məmmədli illər əvvəl Türkiyədə insan alveri ilə məşğul olub. O, öz qızını, yəni mənim həyat yoldaşımı narkotik vasitələrə öyrəşdirərək özündən asılı vəziyyətə saldı və özü kimi, əyri yola çəkdi, müğənni kimi müxtəlif məclislərə apararaq pul qazanmağa, varlanmağa çalışırdı. Qayınanama məxsus olan müxtəlif pornoqrafik görüntülər də cəmiyyətdə yayılıb. İndi bu qadın mənim 2 körpə qızıma hansı tərbiyəni verəcək, onlara necə dəstək olacaq, qızlarımı necə cəmiyyətə yararlı, savadlı, əqidəli vətəndaş kimi böyüdəcək? Qızlarımın bir neçə il sonra insan alverinin qurbanı olmayacağına kim zəmanət verə bilər? Öz qızını insan alverinə cəlb edən şəxs, nəvələrinə də bunu etməzmi?”

Şamilovun qayınanası, “Toylar kraliçası” mahnı müsabiqəsinin qalibi Zəminə Məmmədli keçmiş kürəkəninin dediklərini böhtan adlandırıb:

“Məni araşdırın, ömrümdə heç Türkiyədə olmamışam. Mən alın açıqlığı ilə müğənnilik edib çörəkpulumu qazanıram. Həyat yoldaşım da, oğlum da musiqiçidir, mənimlə birgə toylara gedirlər. Muradın 3 bacısı boşanıb bir həyətdə yaşayır. Onlar mənim nəvələrimə baxa bilər? O, mənim göz bəbəyim kimi böyütdüyüm qızımı qətlə yetirdi. Əqidəsi olan adam, qızlarının gələcəyini düşünən adam arvadını öldürüb balalarının başını aşağı edərmi?!”

Qəyyumluqla bağlı məsələyə sentyabrın 8-də Binəqədi Rayon Məhkəməsində yenidən baxılacaq.