Bakı şəhəri, Xətai rayonu, Yeromenko küçəsi, 56 ünvanında yerləşən 24 mərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsində alışma qeydə alınıb. Bu haqda 4 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Verilən məlumata görə, yanğın zamanı 25 ədəd sayğac və 5 poqonometr kabel yanıb.

Tüstülənmə zonasında qalan 5 nəfər ev sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.