Yaxın günlərdə səhifəmizdə Maykl Ceksonu təqlid edən şəxsin videogörüntülərini paylaşmışdıq. İzləyicilərimiz tərəfindən böyük maraqla qarşılanan görüntülərin sahibini axtarıb tapdıq.

Həmin şəxsin keçmiş rəqqas və xoreoqraf, “League X” (League X) breykerlər Liqasının, “Space” şou-baletinin yaradıcısı, eyni zamanda televiziya proqramlarının prodüseri Seymur Həmidov olduğu məlum olub. Seymur müəllim son illərdə “Cinemaplus” kinoteatrlar şəbəkəsinin direktor müavini, “Cinemazdeh”in icraçı direktoru, AzTV kanalında prodüser kimi fəaliyyət göstərib. Hazırda şəxsi bizneslə məşğuldur.

Onunla müsahibəni təqdim edirik:

  • Bu təqlidi etmək kimin fikri idi?

Maykl Ceksonun Bakıya gəlişi ilə bağlı klip çəkmək ideyası Mir TV şirkətinə məxsusdur, buna görə onlara son dərəcə minnətdaram.

 

  • Bu görüntülər sizə məşhurluq qazandırdı?

 

Əlbəttə! 90–cı illərdə şəhərimizin bütün əsas məkanlarında çıxış etdim. Ən yaddaqalan və populyarlığa səbəb olan isə çıxışlardan sonra soyunub-geyinmə otağımda yaranan valideyn növbəsi oldu. Onlar məndən uşaqları ilə şəkil çəkdirməyimi xahiş edirdilər. Bu, çox təsirli idi.

 

  • Bu ideyanı gerçəkləşdirən zaman hansı çətinliklərlə üzləşdiniz? Və cəmiyyətin həmin dövr üçün reaksiyası necə oldu?

Ən problemli və gülməlisi parik axtarışı idi. Həmin vaxtlar nəsə tapmaq, ümumiyyətlə, çətin idi. Videodan da göründüyü kimi, uyğun parik tapılmayıb (gülür). Çəkilişdən bir müddət sonra bütün şəhərdə Maykl Ceksonun Bakıda olması barədə söz-söhbət gəzirdi. Tanışlarımdan tez-tez onunla görüşüb-görüşmədiyim barədə sualı eşidirdim.

 

  • Fikrinizcə, keçən əsrin 90-cı illərinin gəncləri daha müasir idi, ya 21 əsrin?

Zamanla ayaqlaşan istedadlı insanlar həmin illərdə də var idi, müasir dövrümüzdə də var.

 

  • Daha hansı məşhurları parodiya etmisiniz?

Daha heç kəsi.

 

  • Müasir dünya musiqiləri barədə nə düşünürsünüz?

Müasir musiqi hər zaman olub, var və olacaq, lakin bütün yeniliklər arasında ən layiqlisi, əziz olanı hamının yaddaşında və tarixdə qalacaq. Eyni ilə Maykl Cekson kimi.