Abşeron yarımadasında son 20 ildə qeyri-qanuni yaşayış binalarının tikintisinin artması müşahidə olunur. Artan tələbat səbəbindən tikinti üçün icazə verilən torpaq sahəsi hər kəs üçün kifayət deyil. Belə ki, Bakıətrafı qəsəbələrdə yaşamaq istəyənlər bütün mümkün, hətta qeyri-qanuni yollarla yaşayış üçün nəzərdə tutulmayan ərazilərdə ev tikməyə çalışırlar.

Neft mədənlərində, qurudulmuş göllərin ərazilərində və ya elektrik xətlərinin altında tikilən bir-iki ev deyil, hətta yaşayış massivlərinə rast gəlinir. Bununla bağlı gələcəkdə sakinlər müxtəlif problemlər yaşayırlar.

Belə ki, Binəqədi rayonunun bəzi ərazilərində çəkilmiş yüksək gərginlikli elektrik xətləri sakinləri daim təşviş içində saxlayır. Səbəb nə olursa olsun, böyük təhlükənin yarandığı fakt olaraq qalır.

Yüksəkgərginlikli elektrik xətləri vətəndaşların evlərinin yaxınlığında, hətta həyətlərində yerləşdirilib. Eyni problem rayonun Sulutəpə qəsəbəsində də yaşanır. Əlacsız vəziyyətdə yaşayan sakinlərin həyatı kiçik bir qığılcımdan asılıdır. Adıçəkilən xətlərin tikililərin yaxınlığından keçməsi həm də sakinlərin sağlamlığı üçün böyük təhlükə mənbəyidir.

Sakinlərin əsaslı şikayətlərinə baxmayaraq, rayon icra hakimiyyəti (RİH) bu vəziyyətdə kömək etməyə tələsmir. Buna səbəb ərazidəki evlərin qanunsuz tikilməsidir.

Binəqədi RİH-nin baş məsləhətçisi Leyla Quliyevanın sözlərinə görə, yüksəkgərginlikli elektrik xətlərinin ətrafında yerləşən fərdi yaşayış evlərinin tikintisi və ümumiyyətlə qanunsuz tikililərlə mübarizə çərçivəsində mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müvafiq qurumlarla birgə monitorinq işləri aparılır və bu proses mütəmadi olaraq davam etdirilir.

Yaşanan problemlə bağlı “Azərişıq” ASC-dən bildirildi ki, məsələ araşdırılacaq. Yalnız bundan sonra hər hansı bir qərar verilə bilər.

Əslində belə evlərin sakinləri “əvvəl toyuq yaranıb, yoxsa yumurta?” sualının cavabını bilirlər. Onların yaşadıqları evlər hələ tikinti başlamazdan əvvəl yüksək gərginlikli xətlərin yerləşdiyi ərazidə tikilib.

2005-ci ildə Azərbaycan Nazirlər Kabinetinin sərəncamı ilə təhlükəsizlik normaları müəyyən edilib. Belə ki, 35 kilovoltluq elektrik xətlərinin altında təhlükəsizlik zonası bütün istiqamətlərdə ən azı 15 metr, 110 kilovoltluq elektrik xətlərinin altında ən azı 25 metr, 330-500 kilovoltluq elektrik xətlərinin altında isə 30 metr nəzarət məsafəsi təyin edilir.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalovun sözlərinə görə, elektrik xətlərinin bilavasitə yaxınlığında yaşayış binalarının tikilməsi sağlamlıq üçün təhlükəlidir. O qeyd edir ki, uzun müddət süni elektromaqnit şüalanmaya məruz qalmaq sağlamlığı ciddi şəkildə pozur.

“Hətta belə bir termin də var – “elektromaqnit çirklənməsi”. Hamımız məişət cihazlarından istifadə edərək hər gün müəyyən bir “doza” alırıq, lakin yüksək gərginlikli elektrik xətlərinin təsiri xüsusilə təhlükəlidir”, – deyə ekspert vurğulayıb.

Belə evlərin yerləşdiyi yerdə ən təhlükəlisi xətdə baş verə biləcək qəzadır. Qısaqapanma zamanı yanğın baş verə bilər. Bu halda yaşayış binalarının yerləşməsi müvafiq qurumların qısaqapanma mənbəyinə yaxınlaşa bilməməsinə səbəb ola bilər. Nəticədə həm ev, həm də elektrik xətti zərər görəcək.

Buna baxmayaraq, hazırda yüzlərlə ev və onların sakinləri, o cümlədən uşaqlar risk altında yaşamağa davam edir.

Bakıda niyə elektrik xətlərinin altında evlər tikilir
Foto ATV-nin rəsmi Youtube kanalı