20 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Əsrin müqaviləsi” imzalanıb. Bu müqavilədə Azərbaycan və 6 ölkənin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) 11 beynəlxalq neft şirkəti iştirak edib.

“Əsrin müqaviləsi”ndə Xəzər dənizinin Azərbaycan sektorunda olan Azəri, Çıraq və Günəşli yataqlarının birgə işlənməsi və neft hasilatının bölgüsü haqqında qeyd olunub. Həmin zaman müqavilə təxminən 10 milyard dollar dəyərində qiymətləndirilirdi. Ümumi gəlirdən Azərbaycanın payına 80%, digərlərinin payına isə 20% düşürdü. Onun şərtlərinə görə, müqavilənin müddəti 30 il təşkil edirdi.

7 noyabr 1997-ci ildə “Çıraq” platformasından ilk neft əldə edildi. 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarıla bilən neft ehtiyatı əvvəllər 511 milyon ton, yeni qiymətləndirilmələrə görə, 1.072 milyard ton təşkil edir.

16 avqust 2001-ci ildə Heydər Əliyev tərəfindən hər il sentyabrın 20-sinin Neftçilər Günü kimi qeyd olunması haqqında qərar qəbul edilib.

14 sentyabr 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalanıb. Müqaviləyə əsasən, “Azəri-Çıraq-Günəşli” neft yataqları blokunun işlənilməsi 2050-ci ilə qədər uzadılıb.