Naftalan adlı körfəzdə (indiki Bibi Heybət körfəzi) ilk dəfə olaraq bakılı Hacı Qasımbəy Mənsurbəyov adlı şəxs dəniz dibindən neft çıxarmağa başlamışdır. O, sahildən 18 və 30 metr aralıda, taxta və tirlərdən ibarət buruq quraşdırmışdır, lakin 1925-ci ildə dənizdə qalxan qasırğanın dalğaları onu məhv etmişdir.

Bakı neftxudaları milyonçu Ağa Musa Nağıyevlə birgə Naftalan körfəzində dəniz sularını qurudub, neft çıxarmaq haqqında layihə hazırlamışlar. Nəzərdə tutulmuş işlər 1917-ci ilə qədər davam etdirilmişdir. Sonra şəhərdə baş verən fəhlə qiyamları ilə əlaqədar bütün işlər dayandırılmışdır. Bolşeviklər hakimiyyətə gəldikdən sonra Naftalan körfəzində işlər yenidən bərpa olunur və layihə başa çatdırılır. Ərazidə neft buruqlarının qazılması başlanır və 1923-cü ildə ilk buruq fontan verəndə Naftalan körfəzi “İliç buxtası” adlandırılır. [Məmmədov A.B. Qədim və indiki Abşerona səyahət. Bakı-2006]

Bir neçə onilliklər sonra neftçilər açıq dənizdə kəşfiyyat işlərinə başlayırlar. 1949-cu ildə yeddi gəmi Bakıdan 110 km şimal-şərqdə yerləşən “qara daşların” yanında, dənizin dayaz yerində “oturduldu”. Bir müddət ərzində gəmilər arasında taxtadan ilk körpülər salındı və burada evlər tikildi. İlk neft quyusunun qazılması üçün meydança da hazırlandı. Nəhayət, neftçi briqadir Mixail Kaveroçkinin başçılığı altında qazılan buruq 7 noyabr 1949-cu ildə fontan vurdu, dünyada açıq dənizdə ilk dəfə neft çıxarıldı. Vaxtilə gəmiçilik üçün böyük təhlükə olan, ancaq suitilərin yaşadığı yer kimi tanınan “qara daşlar” həmin gündən adını dəyişib “Neft Daşları” adlandırıldı.

Amma fırtınalı günlərin birində burada faciə baş verir. 1957-ci ildə Xəzərdə axşamdan başlayan güclü tufan açıq dənizdə – Neft Daşlarında Kaveroçkinin qazma briqadasını estakada ilə birlikdə dənizə atmışdır. Üç gün davam edən tufan şəraitində axtarışlar, digər tədbirlər nəticə vermədi. Bununla yanaşı, baş vermiş insan itkisindən sonra da dəniz neftçiləri işlərini davam etdirdilər. Neft Daşlarında yeni səmtlərdə polad estakadalar, yaşayış binaları salındı. [Azərbaycan neft və qaz tarixindən maraqlı faktlar. Bakı-2012]

Bu gün Neft Daşları dünyada açıq dənizdə yeganə “şəhər-qala”ya çevrilmişdir.