Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar küçəsində yaşayan sakinlərin sözlərinə görə, burada 100 ilə yaxındır, su problemi yaşanır. Bu haqda bu gün, 21 sentyabr tarixində Real TV reportaj hazırlayıb.

Küçə həm fərdi evlərdən, həm də yaşayış və inzibati binalardan ibarətdir. Buradakı minlərlə insanın suya olan təlabatını quyulardan çıxan şor su ödəyir. İçməli suyu isə ya qonşu küçələrdən daşıyır, ya da pul ilə alırlar. Sakinlər deyirlər ki, küçənin ətrafında yerləşən digər ərazilərin hər birində su təchizatı aparılıb. Bağlar küçəsində isə yalnız bir dalanda bir sakin üçün su çəkilib. Bunun səbəbini aidiyyəti qurumdan soruşduqda isə bildirildi ki, təchizat layihə əsasında aparılıb.

Bağlar küçəsinin sakinləri məişətdə də quyu suyundan yararlanırlar. Bu səbəbdən evdə istifadə olunan məişət texnikası tez-tez sıradan çıxır.

Sakinlərin dediyinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, heç bir cavab alınmayıb.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, orada hər hansı fərdi şəxsə su çəkilməyib. O, həmçinin Bağlar küçəsinin su təchizatı ilə bağlı sorğuya da cavab verdi: “Müraciət olunan ünvanla bağlı bildirim ki, həmin ərazidə bəlli layihəyə uyğun olaraq, 2300 metr uzunluğunda yeni bir xətt çəkilib. Və bu kimdənsə ötəri yox, ərazi təminatına hesablanıb.

Müraciət olunan həmin ərazidə həmin xəttin uzunluğu 200 metrdir. Bu istiqamətdə suyun çəkilməsi isə artıq növbəti mərhələdə həyata keçiriləcək.  Bu günlərdə həmin ərazidə su təminatının aparılması mövcud qaydalara görə mümkün deyil. Amma gələcəkdə layihənin davamı olaraq suyun verilməsi təmin olunacaq”.