Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsinin sakinləri iyun ayından içməli su qıtlığı yaşayırlar. Həmçinin bir neçə il əvvəl su xəttinin çəkilişi zamanı dağılan yol hələ də təmir olunmayıb. İnsanlar həm də tullantıların müntəzəm utilizasiyası sisteminin olmamasından əziyyət çəkirlər. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakupost.az məlumat verib.

Həmçinin yaxınlıqda yerləşən Abşeron sanatoriyasında məcburi köçkünlərin məskunlaşdığı binaların birində kanalizasiya xətti sıradan çıxıb və hazırda birbaşa küçəyə tökülən çirkab suların qoxusuna küçəboyu çürüyən məişət tullantılarının iyi qarışır.

Küçədə yaşayan Rövşən Mansurov bildirir ki, evlərə su ancaq dəfələrlə edilən şikayətlərdən sonra yalnız gecə saatlarında verilir. Eyni zamanda komfortlu villaların yerləşdiyi digər küçələrdə, eləcə də dənizə yaxın məişət obyektlərində su problemi yoxdur.

Sakinlər onu da bildirdilər ki, su xətti çəkilərkən yolun asfalt örtüyü dağılıb, lakin nə “Azərsu”, nə də yerli icra orqanları yolun təmir işlərini görmürlər.

Mərdəkan Bələdiyyəsindən bildirdilər ki, Ramin Qasımov küçəsi onların nəzarət etdiyi əraziyə daxil deyil.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı təsdiqlədi ki, yay aylarında Ramin Qasımov küçəsinin müntəzəm su təchizatında müəyyən çətinliklər yaranır. Cəbrayıllı qeyd edib ki, ASC-nin balansında bu ərazidə kanalizasiya infrastrukturu yoxdur və nasaz kanalizasiya xətti məcburi köçkünlərin məskunlaşdığı ərazidə yerləşir və “Azərsu”nun xidmətləri ilə əhatə olunmayıb.

“Sakinlərin yaşayış məntəqəsindən yan keçməklə suyun yalnız dənizə yaxın obyektlərə yönəldilməsinə gəlincə, bu mümkün deyil. Çünki ərazidə yalnız bir boru xətti var. Ona görə də bu iddianı özlərindən uydurublar”, – deyə Cəbrayıllı məsələyə aydınlıq gətirib.

Villalara su verilir, bizim evlərə yox
Foto BakuPost.az saytı