Bu gün Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi İsmayıl Şahvələd oğlu Hüseynovun ailə üzvlərini ziyarət edib. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 22 sentyabr tarixində xəbər verir.

Görüşdə icra başçısı Vüqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, Vətən müharibəsi qazisi Fərid Həsənov da iştirak ediblər.

Şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan RİH başçısı Vüqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq, ölkəmizdə, o cümlədən Səbail rayonunda şəhid ailələrinin, döyüşlərdə yaralananların və müharibə iştirakçılarının daim diqqətdə saxlanıldığını, mütəmadi olaraq onlarla görüşlərin keçirildiyini, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü diqqətə çatdırıb.

O, eyni zamanda ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə qayğı ilə yanaşılmasının bütün cəmiyyətimizin borcu olduğunu bildirib.