İngilis dili müəllimi və bloger Ayşən Qurbanovanı makiyajını düzəltməyə görə hədələyən taksi sürücüsü işdən çıxarılıb. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Ayşən Qurbanova öz “Instagram” hesabında “Uber” taksi xidmətinin ona göndərdiyi mesajı paylaşıb: “Sürücü artıq sifarişlərdən kənarlaşdırılıb və sizin müraciətinizdən dərhal sonra məlumat sürücünün qeydiyyatda olduğu taksi parkına göndərilib. Biz tətbiq üzərindən olan sifarişlərin komfortlu və təhlükəsiz olması üçün bütün lazımi tədbirləri görəcəyik”.
Həmçinin məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev açıqlama verib. Ayşən Qurbanovanın sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və taksi sürücüsünün şəxsiyyəti müəyyən edilib.
“Lakin zərərçəkmiş şəxs qismində özünü təqdim edən xanım hər hansısa şikayətinin olmadığını bildirib. Əlavə araşdırmaların aparılmaması ilə bağlı bizdən xahiş edib. O bildirib ki, bununla bağlı hər hansı rəsmi şikayəti yoxdur”, – deyə Hacıyev bildirib.