Xətai rayonunun sakinləri təmirsiz liftdən şikayətçidirlər. Bu haqda 24 sentyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Sabit Orucov küçəsində 7 mərtəbəli binada 32 il əvvəl lift quraşdırılıb. Lakin istismar müddəti bitdiyinə görə lift qəzalı vəziyyətə düşüb. Binanın sakinləri uzun müddətdir ki, xarab olan liftə görə gündə bir neçə dəfə saysız-hesabsız pilləkənləri qalxıb düşməli olurlar.
Eyni ərazidə yerləşən binalardan birinin lifti yenilənsə də, digər iki binada sakinlər hələ də köhnə liftlərin ümidinə qalıblar. Burada yaşayanlar arasında yaşlı və xəstə insanların olması problemi daha da dərinləşdirir. Buna görə də liftdə nasazlıq yaranan kimi daha çox onlar əziyyət çəkirlər.
Sakinlər hətta bir neçə dəfə öz vəsaitləri hesabına liftin müxtəlif detallarını da dəyişdiriblər. Bu isə problemi sadəcə müvəqqəti olaraq həll edib, amma onlar bu çətinliyin bir dəfəlik həllini istəyirlər. Çıxış yolu isə istismara yararsız olan liftin yenisi ilə əvəz olunmasıdır.
Məsələ ilə bağlı Bakı şəhər Lift Təmir İstehsalat Birliyi bildirib ki, son iki ildə Bakıya 1206 ədəd yeni, müasir lift gətirilib və şəhərin müxtəlif rayonlarında istismar müddəti başa çatan köhnə liftlər yeniləri ilə əvəz olunub. Birliyin balansında hazırda 5500 ədəd lift mövcuddur. 25 ildən artıq istismarda olan və ömrünü başa vuran liftlər qrafikə uyğun olaraq, mərhələli şəkildə dəyişdirilir. Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən binaların liftləri də qrafikə uyğun olaraq yeniləri ilə əvəz olunacaq.
