Bu gün, 27 sentyabr tarixində Azərbaycanda 44 günlük Vətən müharibəsində həlak olanların xatirəsi anılıb. Bu haqda Bakuplus.az məlumat verir.
Gün ərzində dövlətin rəsmi nümayəndələri, idarələrin rəhbər şəxsləri, deputatlar və şəhər sakinləri səhər saatlarından I və II Şəhidlər xiyabanlarını ziyərət ediblər.
Vətəndaşlar 44 günlük müharibədə həlak olan qəhrəmanların məzarları üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Azərbaycandakı dini məbədlərdə şəhidlərin ruhuna dualar oxunub.
Anım Günü ilə əlaqədar, mərkəzi və yerli icra hakimiyyəti qurumları bir sıra tədbirlər təşkil edib, həmçinin Azərbaycanın xaricində anım mərasimləri keçirilib.
Saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilib.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Müharibə zamanı 2908 Azərbaycan hərbçisi döyüş meydanında qəhrəmancasına həlak olub, daha 6 hərbçi itkin düşüb.
Paytaxtda İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi anılıb









