Bakıda Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleksin açılışı olub. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 28 sentyabr tarixində xəbər verir.
Tədbirdə şəhid ailələri, müharibə veteranları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, deputatlar, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Memorial Kompleksin qarşısına əklil və gül dəstələri qoyulub.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev deyib ki, Memorial Kompleks Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş Binəqədi rayonundan olan şəhidlərimizin əziz xatirəsinə ucaldılıb.
