İcbari tibbi sığorta layihəsinin icrasına başlandıqdan sonra bu xidmətdən istifadə edənlərin sayı hər gün artır. Xəstələrin çoxluğu səbəbindən xəstəxanalar dolub. Eyni vəziyyət 1 saylı Kliniki Tibb Mərkəzində də yaranıb. Vətəndaşlar deyirlər ki, bəzən həkim qəbuluna düşmək üçün bir neçə gün növbədə durmalı olurlar. Bu haqda 28 sentyabr tarixində Xəzər Xəbər reportaj yayıb.

Kliniki Tibbi Mərkəzin şöbə müdiri Afət Zeynalova deyir ki, sıxlığın əsas səbəbi icbari tibbi sığortanın tətbiqindən sonra tibbi xidmətlərin vətəndaşlar üçün daha əlçatan olmasıdır: “İcbari tibbi sığorta tətbiq olunana qədər xəstələrin sayı çox az idi. Müqayisə etsək, əvvəllər terapevt gündə 5-10 xəstə qəbul edirdisə, indi gündə 20-40 xəstə müalicə olunur”.

Şöbə müdirinin sözlərinə görə, sıxlığın digər səbəbi xəstələrin səhər saatlarında klinikaya daha çox gəlməsidir. O bildirir ki, təkcə avqust ayında xəstəxanaya icbari tibbi sığorta ilə bağlı 12.000-dən çox müraciət daxil olub.

“Bütün müayinələr, analizlərin verilməsi, instrumental müayinələrin aparılması ac olaraq gələndə, və yaxud səhər saatlarında daha məqsədəuyğundur. Ona görə də birinci üç-dörd saat ərzində vətəndaşların sıxlığı daha çox olur. Saat 12:00-13:00-dan sonra xəstələrin və müvafiq olaraq, müraciətlərin sayı daha da az olur”, – Zeynalova əlavə edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Pərvin Baxşəliyeva dediyinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra vətəndaşlar bir sıra həyati vacib xidmətləri, hətta ən kiçik tibbi prosedurları belə pulsuz əldə edirlər. Ona görə də xəstəxanalara müraciətlər gündən-günə artır.

“Son 8 ayın statistikasına nəzər salsaq görərik ki, icbari tibbi sığorta çərçivəsində vətəndaşlara 25 milyondan çox tibbi xidmət göstərilib. İcbari tibbi sığorta xidmətləri zərfinə daxil olan tibbi xidmətlərdən 3 milyondan çox vətəndaş pulsuz yararlana bilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il həm xəstələrin, həm də tibbi xidmətlərin sayı 2 dəfəyə yaxın artıb”, – deyə Baxşəliyeva açıqlama verib.

Pərvin Baxşəliyeva onu da qeyd edib ki, sıxlığın qarşısını almaq üçün xəstəxanalarda növbəni tənzimləyən aparatların quraşdırılması nəzərdə tutulur.