Bakının 2040-cı ilə qədər nəzərdə tutulmuş Baş Planı haqda videoçarx paylaşılıb. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Videoya əsasən, demək olar ki, şəhərin ümumi sahəsi 213.500 hektar olacaq. Paytaxtda 5 lokal və 3 regional mərkəz yaradılacaq. Lokal mərkəzlər Lökbatan, Xırdalan, Binəqədi, Sabunçu və Hövsan ərazilərində yerləşəcək. Regional mərkəzlər isə Sumqayıt, Mərdəkan və Ələt zonalarında olacaq.
Əsas mərkəz, yəni bulvara yaxın ərazi iqtisadi və administrativ funksiyalar daşıyacaq. Lokal mərkəzlərdə isə yaşamaq, işləmək və istirahət etmək üçün hər cür şərait yaradılacaq.
Regional mərkəzlər müstəqil iqtisadiyyata sahib olacaqlar. Böyük sənaye müəssisələri şəhərin içindən bu ərazilərə köçürüləcək.
Paytaxtda 267,8 km uzunluğunda və 54 stansiyadan ibarət dəmiryol xətti inşa ediləcək, eləcə də 54,6 km uzunluğunda 78 dayanacaqdan ibarət tramvay xətti yaradılacaq. Bundan əlavə, metro stansiyalarının sayı 47-yə çatdırılacaq.
Şəhərin tarixi abidələrinə xüsusi diqqət ayrılacaq. Xüsusi ərazi yaradılacaq ki, burada tarixi tikililərin xarici görünüşünə toxunmaq qadağan olacaq və əlavə tikili inşa etmək ancaq ciddi nəzarət altında mümkün olacaq. Həmin ərazinin vizual görünüşü və tarixi atmosferi qorunacaq.
Regional və lokal mərkəzləri birləşdirən yaşıl zolaqlar qurulacaq. Şəhərdəki göllərin ətrafı abadlaşdırılacaq və istirahət guşələri yaradılacaq. Ümumilikdə şəhərdə yaşıl ərazilərin ümumi sahəsi 9575 hektara çatdırılacaq.
Daha ətraflı videoda baxa bilərsiniz.















