Bakının Nizami rayonu, “Koroğlu” metro stansiyasının yaxınlığında tələbə qızlara qarşı əxlaqsızlıq əməlləri edən şəxs saxlanılıb. Bu haqda bu gün, 27 oktyabr tarixində Qaynarinfo məlumat verib.
Verilən məlumata görə, o, H.Əliyev prospektində yerləşən “Yolkalıq” adlanan sahədə tələbə qızlara qarşı nalayiq hərəkətlər edib və cinsi orqanını göstərib. Həmin kişi 26 oktyabr saat 09:30 radələrində eyni yerdə oxşar əməli törətdiyinə görə Nizami RPİ-nin post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxs məhkəmə izahatında bildirib ki, boş vaxtlarında sözügedən ərazidə dayanır, cinsiyyət orqanını yoldan keçən tələbələrə göstərir, lakin əxlaqsız təkliflər etmir. Etdiyi əməldən peşman olan şəxs yüngül inzibati cəza istəyib.
Məhkəmədə, həmçinin məlum olub ki, manyak Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecinin direktoru, professor Akif Cahangirovun şikayəti əsasında saxlanılıb.
İş Nizami rayon məhkəməsinin hakimi Nəriman Hüseynquluoğlu tərəfindən baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 sutka müddətinə azadlıqdan məhrum edilib.