Övladlarını erkən itirmiş, tək-tənha həyat sürən 84 yaşlı Bəyimxanım Məlikova dələduzların qurbanı olub. Nənəni aldadıb evini mənimsəyən şəxslər onun tanışlarıdır. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Real TV-yə istinadən məlumat verir.

Belə ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 26, mənzil 74 ünvanında yaşayan Ləman Həsənova əvvəlcədən əlbir olduğu bir qrup şəxslə tamah niyyəti ilə etibardan sui-istifadəetmə və aldatma yolu ilə Bəyimxanım Məlikovanın əmlakını ələ keçirərək dələduzluq edib. Bəyimxanım Məlikova evinin başqa şəxslərə satılması barədə xeyli sonra, mənzilin yeni sahibləri onun qapısını döyəndə xəbər tutub.

Razılıq olmadan evinin necə satıldığına gəlincə, Bəyimxanım Məlikova həmin şəxslərin yalan danışaraq onu müvafiq rəsmi etibarnamənin lazım olduğuna inandırdıqlarını bildirib. Ahıl qadını 3 saylı notariat kontoruna apararaq, onun yaşından, zəif görməsindən istifadə edərək, əsl məzmunu və təyinatı gizlətməklə etibarnamə yazdırıblar.

Daha sonra həmin etibarnamə əsasında ona xəbər vermədən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, mənzil 88 ünvanında yerləşən bir otaqlı mənzilini 62.800 manata sataraq pulunu mənimsəyiblər. Nəticədə 84 yaşlı qadın küçədə qalıb. İndi o, kirayədə yaşayır.

“Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində başlanan cinayət işi üzrə Könül Həsənova və Ləman Həsənovaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Dələduzluq” maddəsi ilə ittiham elan olunub və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işi nəzarətə götürülməklə hazırda istintaq davam etdirilir”, – hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Dələduzlar 84 yaşlı qadının evini əlindən alıblar
Foto Real Tv-nin rəsmi Youtube kanalı