6 fevral 1905-ci ildə Bakıda erməni terrorçuları tərəfindən Sabunçu kəndinin sakini Ağarza Babayevin öldürülməsi ilə erməni-müsəlman qırğınları başlamışdır. Ermənilər evlərinin damından, pəncərələrindən küçədən keçən azərbaycanlıları gülləbaran edirdilər. Evlər, mağazalar, fabriklər və müəssisələr qarət edilir və yandırılırdı. Hər iki tərəfdən yüzlərlə insanın öldürülməsi və yaralanması ilə nəticələnən qırğınlar fevralın 9-da dayandırılmışdı.

Bu hadisələrdən sonra Bakının general-qubernatoru knyaz Mixail Nakaşidze açıq surətdə bəyan etmişdi ki, iğtişaşların törədilməsində azərbaycanlılar yox, ermənilər günahkardırlar. Bəzi mövqelərə görə, knyaz azərbaycanlılar arasında təbliğat apararaq iğtişaşları daha da alovlandırmaq niyyətində idi. Lakin bunun səbəbi Nakaşidzenin müsəlmanlarla daha yaxın münasibətdə olması idi. Hətta Hacı Zeynalabdin Tağıyev onu özünün və xalqının dostu sayırdı.

Bu səbəbdən “Daşnaksütyun” partiyası Nakaşidzeni terror yolu ilə aradan götürmək barədə qərar qəbul etmişdi. Bu barədə onun özü də xəbərdar idi.

11 may 1905-ci ildə erməni kilsəsinin yaxınlığında, Parapet bağı (indiki Fəvvarələr meydanı) ilə Vorontsov (indiki Mirzə İbrahimov) küçəsinin kəsişdiyi yerdə hərəkət edən Bakının general-qubernatorunun faytonuna ermənilər tərəfindən bomba atılır. Nakaşidze ağır yaralanır və mayın 18-də ölür. Terror aktı zamanı Nakaşidzenin yavəri və hadisə yerindən təsadüfən keçən iki azərbaycanlı da həlak olurlar. Partlayışa görə məsuliyyəti “Daşnaksütyun” partiyasının Mərkəzi Komitəsi öz üzərinə götürür. [https://bakucity.preslib.az/az/page/m3MsDkHv8X

Məmməd Səid Ordubadinin “Gizli Bakı” kitabında belə yazılmışdır: “Qubernator Nakaşidzenin səmimi dostluq hisslərinə möhkəm inanan Hacı Zeynalabdin Tağıyev mərhuma son borcunu verirdi. Bakının bir çox varlılarının qolunda da matəm lentləri vardı. Elə axmaqlar da tapılırdı ki, deyirdilər: Yazıq qubernator müsəlmanların hüquqları və maraqları uğrunda mübarizədə qurban olub!”” [Ордубади М. Подпольный Баку. Баку 1940]

Terrorçular 1905-ci ilin oktyabrında mühakimə edilirlər. Məhkum olunan 5 terrorçu haqqında ölüm hökmü verilir. Lakin sonradan 15 yaşı olan Minas Aqasyanın edam hökmü çarın elan etdiyi amnistiyaya görə, ömürlük katorqa ilə əvəzlənir. [Кавказский календарь на 1906 год. Москва-1905]