Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Fransa senatına ünvanlanan petisiyaya münasibət bildirib. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az XİN-ə istinadən xəbər verir.
Qurumun mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Fransanın qətnamə layihəsi bir çox azərbaycanlıların hiddətinə səbəb olub. Buna görə də onun əleyhinə nüfuzlu Mesopinions.com petisiya saytında Fransa Senatına, hökumətinə və xalqına ünvanlanmış və qısa müddətdə 110.000-ə yaxın imza toplanmış müraciət yerləşdirilib.
“İctimai rəyə hər zaman həssaslıqla yanaşdığını iddia edən Fransa parlamentarilərinin soydaşlarımızın haqlı narazılıqlarına səbəb olan müraciətlərinə diqqət yetirəcəyini gözləyirik”, – deyə o, əlavə edib.
Petisiyaya dəstək yalnız Fransadakı azərbaycanlılar deyil, bir sıra digər xarici ölkələrdə yaşayan həmvətənlərimiz tərəfindən də olub. Bu addımlar, həmvətənlərimiz tərəfindən göstərilən həmrəyliyin və birliyin nümunəsidir. Bu müraciətin qeyd edilən portalda yerləşdirilən digər petisiyalarla müqayisədə əhəmiyyətli sayda çox dəstək toplaması təqdirəlayiq bir haldır.