Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 11 noyabr tarixində xəbər verir.
Orxan Novruzov barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Bu il mayın 27-si saat 07:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verib və orada yaşayan 61 yaşlı Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyiti aşkar edilib.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 37 yaşlı Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Xuraman Həsənova Qaradağ rayonunda yerləşən 139 saylı orta məktəbin ibtidai sinif müəlliməsi idi.