Bakının “8-ci km bazarı” (“Vosmoy bazarı”) kimi tanınan “Vüqar-2” ticarət mərkəzində fəaliyyət göstərən motel (mehmanxana) aşkarlanıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən bu gün, 12 noyabr tarixində xəbər verir.

Ticarət mərkəzinin ərazisində motel aidiyyəti dövlət qurumları, o cümlədən FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan fəaliyyət göstərir.

Moteldə ciddi qayda pozuntuları aşkar edilib.

Motelin binası tüstüyə qarşı müdafiə sistemləri ilə təmin olunmayıb, bina avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə tam təmin olunmayıb və işlək vəziyyətdə deyil, orada standartlara uyğun olmayan istilik sistemindən istifadə edilir, bina ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib, ümumi elektrik təsərrüfatına və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib, təxliyə yolları yanğın təhlükəsizliyi tələblərinə cavab vermir, motel otaqları yanar materiallarla üzlənilib.

Ticarət mərkəzinin yanğın təhlükəsizliyinə qarşı cavabdeh şəxsi – Həsrət Həsrətov barəsində İnzibati Xətalar Məcəlləsi”nin 536.1-ci maddəsinə əsasən inzibati xəta haqqında növbəti protokol tərtib edilib.

Yanğına qarşı aşkar edilmiş qayda pozuntuları aradan qaldırılmadığı təqdirdə qanunvericiliyə uyğun daha ciddi tədbirlərin görüləcəyi sahibkarın nəzərinə çatdırılıb”, – məlumatda qeyd edilib.

“Vosmoy bazarı”nda qanunsuz fəaliyyət göstərən motel aşkarlanıb
Foto FHN-nin Youtube kanalı