Cahangir bəy Yusif bəy oğlu Novruzov 1894-cü ildə Bakıda hərbçi ailəsində anadan olub.

1917-ci il oktyabr inqilabından sonra Novruzov bir müddət Tiflisdə qalır. Orada Məmməd Əmin Rəsulzadə və Fətəli Xan Xoyski ilə tanış olur. 28 may 1918-ci ildə AXC elan olunduqdan sonra Novruzov Cümhuriyyət ordusuna qatılır. O, Azərbaycan korpusunun tərkibində Qafqaz İslam Ordusu ilə birgə sentyabrın 15-nə qədər zəfərlə başa çatan Bakı yürüşündə iştirak edir.

Bakı işğaldan azad ediləndən sonra, 23 sentyabr 1918-ci ildən Qarabağ hərəkatı başlayır. Baş-leytenant Novruzovun komandiri olduğu topçu batareyası 1-ci Azərbaycan diviziyasının tərkibinə daxil idi. Cahangir bəyin topçu batareyasının davamlı atəşindən sonra Əyri kəndi ətrafında olan düşmən qüvvələri qaçırlar. Bununla da ordunun Şuşa istiqamətində hərəkəti asanlaşır və 8 oktyabr 1918-ci ildə Qafqaz İslam Ordusu Şuşaya daxil olur.

O, 1918-ci ilin oktyabrından komandiri olduğu topçu batareyası ilə Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni separatçılarına qarşı döyüşlərdə iştirak edir və kapitan rütbəsi ilə təltif olunur. [Mənsur Rəhbətoğlu.Türk ordusunun tovuzlu generalı// Türküstan-2020 oktyabr]

28 aprel 1920-ci ildə Azərbaycanda hakimiyyət çevrilişi olandan sonra Cahangir bəy 1-ci piyada diviziyasının tərkibində Gəncə üsyanında iştirak edir. Sonra 5 iyun 1921-ci ildə Nuru Paşanın komandanlığı ilə Qarabağda bolşeviklərə qarşı ikinci bir üsyan dalğası başlayır. Cahangir bəy Novruzov da Gəncə üsyanından sağ qurtulan silahdaşları ilə üsyana qatılır. Qarabağ üsyanı yatırılandan sonra Cahangir bəyin komandiri olduğu topçu batareyası Araz çayını keçib İran ərazisinə daxil olur.

Novruzov az müddət orada qaldıqdan sonra süvari alayı ilə Ərzuruma keçərək Kazım Qarabəkir Paşanın ordusu ilə birləşmişdir. 1921-ci ildə Bənliəhməd yaxınlığında daşnaklara qarşı qaldırdığı Berna meydan müharibəsində o, qəhrəmanlıq göstərmiş, düşmən təyyarələrini dəqiq top atəşi ilə susdurmuşdur. Bu döyüşlərdə türk komandanlığının və türk paşalarının hörmətini qazanmışdır, göstərdiyi cəsurluğa görə “Bərkər” (bərk ər, igid, döyüşkən ər) təxəllüsünü almışdır.

Novruzov 1928-ci ildə təhsilini artırmaq üçün Hərbi məktəbə daxil olub. 1929-cu ildə məktəbi bitirən Cahangir bəy polkovnik rütbəsi ilə təltif edilib. Kütahyada topçu alayının komandiri olarkən hərb sahəsində qazandığı nailiyyətlərinə görə 1948-ci ildə general-mayor fəxri rütbəsinə layiq görülüb. [Şəmistan Nəzirli. General Əliağa Şıxlinski ömrü (Anadan olmasının 140 illiyinə). Bakı – 2005]

Cahangir Novruzov 17 iyul 1958-ci ildə ürək tutmasından Bornovada (İzmir) vəfat edib. Generalın cənazəsi hərbi mərasimlə Bornova məzarlığında dəfn edilib.